Marketinq Ümumi mövzular

Bankir olmaq istəyirəm (2-ci hissə)

Paylaşmaq gözəldir!

Gənclərimizdə belə bir stereotip var ki, bankda yalnız və yalnız maliyyə və ya iqtisadiyyat üzrə təhsil almış şəxslər iştirak edə bilər. Bu əslində belə deyil. Bəli, bank sahəsi iqtisadiyyatın, maliyyənin bir hissəsi ola bilər, amma burada çalışmaq üçün heç də yalnız maliyyə ixtisasını bitirmək vacib deyil.

Bankların idarə heyəti səviyyəsində belə bir çox insanlar vardır ki, onlar nəinki iqtisadiyyat, hətta memarlıq işini, neft sahəsi ilə əlaqəli təhsil almış və ya digər maliyyədən uzaq sahələrin ixtisasına yiyələniblər. Lakin bununla belə onlar iş zamanı və iş dövründə iqtisadiyyat və maliyyə üzrə biliklərini artırıb və bu sahədə lazımı səriştəyə  yiyələniblər. Bankda müxtəlif departamentlər vardır ki, burada müxtəlif ixtisaslı insanlara ehtiyac var.

Misal üçün hüquq departamentində və problemli kreditlər departamentində əsasən hüquq təhsilli insanlar tələb olunur.

PR departamentinə isə jurnalist ixtisasında yiyələnmiş şəxslər, marketinq departamentində isə marketinq, satış sahəsi üzrə ixtisas almış insanlara ehtiyac olur. Bu baxımdan əgər sizin ixtisasınız maliyyədən tam kənar bir sahə olsa belə bankda işləməkdən çəkinməyin.

Bankda işləmək üçün ixtisas sahənin bilikləri vacib olsa da bundan daha da vacib bacarıqlar var.

Bunlar kommunikasiya bacarığı, satış etmə bacarığı, insanları inandırma bacarığı və digər bacarıqlar ola bilər. Yəni bankda təkcə universiteti bitirib və nəzəriyyəni bilmək sizə inkişaf etmək və irəli getməyə yetərli olmayacaq. Siz praktikada işi öyrənməli, işin gizli tərəflərini araşdırmalı və tapmalı və eyni zamanda işin yaxşı mənada “bicliklərini” öyrənməli olacaqsınız. Odur ki, ixtisasınız iqtisadiyyat olmasa belə banklara müraciət etməkdən çəkinməyin.

Bir çoxları şikayət edir ki, bütün banklar və bütün şirkətlər işə qəbul zamanı təcrübə tələb edirlər.

İnsanlar sual edir ki, əgər hamı təcrübə tələb edəcəksə o zaman təcrübəsi olmayan insanlar necə təcrübə yığacaqlar? Əslində çox yaxşı və aktual sualdır.

Çalışacağam bu sahədə də məsləhətlər verim sözsüz ki bacardığım qədərilə.

Əslində bankları başa düşmək lazımdır ki, onlar nəyə görə ən azı təcrübəsi olan kadrları üstünlük verirlər. Səbəb odur ki, bank bir biznesdir və burada bankın işçisi banka gəlir gətirməlidir və təcrübəsi olmayan şəxsin biznesə faydası minimum olacaq və ona əlavə təhsil və təlimə ehtiyac olduğu üçün bank üçün əlavə xərclərdir.

Bu baxımdan banka daha rahat və daha sərfəlidir ki, ən azı təcrübəsi olan şəxsə üstünlük versin. Bəs, bu təcrübəsi olmayan amma çalışmaq istəyən dostlarımız nə etsin?

  1. İlk məsləhətim o olacaq ki, əgər bank sahəsi sizin arzu etdiyiniz sahədirsə və ilk dəfədən orada çalışmaq alınmırsa o zaman digər şirkətlərdə işləməyə çalışın. Misal üçün mühasibatlıq, maliyyə, marketinq və ya digər sahədə. Daha kiçik şirkət ola bilər ancaq sizin burada artıq ən azından həmin sahənin bilikləri və iş təcrübəsi olacaq. Və daha sonra siz banka keçid edə bilərsiniz və bu sizin üçün daha rahat olar. Odur ki, kiçik şirkətlərdə işləməkdən çəkinməyin və utanmayın.

Böyük işlər kiçik addımlarla başlayır.

  1.  Yox əgər kiçik şirkətlər də sizlik deyilsə və ya orada da işləmək alınmırsa o zaman bankların təcrübə proqramlarına müraciət edin. Bir sıra böyük banklar bu cür təcrübə proqramları həyata keçirir və özünü yaxşı tərəfdən göstərən gənclərə gələcəkdə işləmək imkanı yaradır. Odur ki, çalışın bu təcrübə proqramlarına qoşulasınız və orada bank işini öyrənəsiniz. Burada ödəniş olmasa belə məsləhət görərdim ki, bu təcrübə proqramından maksimal dərəcədə faydalanın və özünüzü yaxşı cəhətdən göstərin.
  1. Çalışın ilk əvvəl nisbətən kiçik banklarda işə başlayın. Kiçik banklarda işə qəbul olunmaq daha asan olur, nəinki böyük və daha tanınmış banklarda. Kiçik banklarda maaş və digər göstəricilər aşağı olsa belə burada bank işini öyrənməyə və təcrübə qazanmağa çalışın. Bir sıra böyük bankların yüksək vəzifə tutan insanları öz karyeralarını kiçik banklarda kiçik vəzifələrdən başlamışlar. Siz özünüzü nisbətən kiçik bankda yaxşı cəhətdən göstərsəniz, digər iri banklar sizə daha yüksək şərtlərdə yüksək vəzifə təklif edib özlərində cəlb etməyə çalışacaqlar.

Hal hazırda bank işini öyrədən bir sıra kurslar var. Artıq onların sayı onlarla olduğu üçün konkret adlar çəkməyəm ətraflı buradan baxa bilərsiniz. http://banco.az/az/training

Tələbəlik və ya təhsilinizi bitirdikdən sonra, bu qısa 1-3 aylıq kurslarda iştirak edib ən azından bank işi haqqında ümumi biliklərə yiyələnə bilərsiniz. İşə qəbul zamanı bu cür təlimlər və kurslarda iştirakın faydası olacaqdır.

Sonda qeyd etmək istəyirəm ki, hansı işdə olmanızdan, hansı işi görmənizdən asılı olmayaraq öz işinizi sevəsiniz.

İstər bank olsun, istər digər bir sahə sevmədiyiniz və ya sevə bilmədiyiniz bir işdə olsanız, böyük uğurlara və irəliləyişə nail olmaq şansınız az olacaq. Nail olsanız belə bu nailiyyətlər sizə mənəvi cəhətdən faydası olmayacaq və sizin gözləntilərinizi doğrultmayacaq.

Odur ki, sevdiyiniz və ya sevəcəyiniz işinizə qovuşmağınız arzusu ilə…

Paylaşmaq gözəldir!

Rəylər

rəy